AZ | EN     

 
Həyat yolu
 
Yaradıcılığı
 
Əsərləri
 
Kitablar
 
Fotoarxiv
 
Xəbərlər












 
Yaradıcılığı



Mirzə Şəfi Tiflisdə özü üçün yeni olan bir mühitə düşür. Ancaq Gəncədəki ədəbi mühitlə əlaqələrini kəsmir. Onun Gəncədə yaratdığı Divani-hikmət ədəbi məclisi indi Tiflisdə fəaliyyət göstərir. Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı Divani-hikmətin üzvləri idilər. Məclisin əhatə dairəsinə Azərbaycan və fars dillərini bilən rus və gürcü ədib və şərqşünasları da daxil olurlar. Tiflisdə o zaman yaşayan çoxsaylı Avropa alim və şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. 1843-cü ildə yuxarıda adı çəkilən Fridrix Bodenştedt də məclislərə gəlib-getməyə başlayır. Mirzə Şəfinin ədəbi irsinin taleyində bu şəxs elə bir müstəsna rol onayır ki, onun haqqında burada ayrıca danışmaq lüzumu yaranır.

Bodenştedt 1819-cu il aprelin 28-də keçmiş Hannover krallığında anadan olub. Almaniyanın ən yaxşı universitetlərində, Kettingendə, Münhen və Berlində təhsil alan Bodenştedt bir neçə dil və ədəbiyyatı öyrənir. Sonra 1841-ci ildə Moskvaya gedərək, knyaz Mixail Qolitsınin uşaqlarının tərbiyəsi ilə məşğul olur. Üç ildən sonra müşahidəçi qismində Tiflisə gəlir və burada xarici dilləri tədris etməyə başlayır. O, burada Şərq dillərini öyrənmək fikrinə düşür. Sonralar "Xatirələr"ində yazırdı ki,

"O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət saxlamaq üçün vacib sayılırdı. Bu dili bilən hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi."

Bodenştedtin tanışları müəllim seçmək lazım gəldikdə ona bir neçə başqa şəxslə birlikdə Mirzə Şəfini də məsləhət görürlər. Çünki onun Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük təcrübə qazandığı məlum idi. "Mənə məsləhət görülənlər içərisində ən münasibi Mirzə Şəfi idi. O, mənim çox xoşuma gəldi. Ucaboy və ciddi bir adam idi" Bodenştedt yazırdı. Mirzə Şəfi həftədə üç dəfə Bodenştedtə və digər tələbələrinə dərs keçir. Az sonra müəllim öz qərib qonağı ilə o qədər yaxınlaşır ki, Bodenştedt Mirzə Şəfinin "Divan"ına tam hüquqlu üzv olur.

"Divani-hikmət" ədəbi məclisinin yığıncaqları canlı fəlsəfi diskussiyalar şəklində keçirdi. Mirzə Şəfi Firdovsi, Xəyyam, Sədi, Füzuli kimi dahi şairlərin şerlərini əzbərdən avazla oxuyurdu. Şəfi öz şerlərinə də yer ayırırdı. Bəzən hazır şerlərini oxuyur, bəzən də məclis üzvlərinin gözü qarşısında bədahətən şerlər deyirdi. "Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. Bodenştedt yazırdı o, həmişə nə deyirdisə, nə diqtə edirdisə, nəyi sitat gətirir və sübut etməyə çalmşırdısa, öz yaddaşına arxalanırdı. Allahın ona ən böyük töhfəsi olan yaddaşı da heç vaxt şairi darda qoymurdu."

Yüksək savad sahibi olan Bodenştedt öz müəllimi ilə keçirdiyi vaxtdan səmərəli istifadə edir. O eşitdiyi söhbətləri və şerləri yazıya alır, qeydlər aparır. Çox zaman Mirzə Şəfi öz şerlərini də ona diqtə edirdi və qonaq bunları da yazırdı. Belə tədris üsulunun effekti uzun əsrlər boyu işlənmişdi və buna görə də Bodenştedt çox tezliklə Azərbaycan və fars poeziyasının gözəlliklərini anlamağa başlayır. Bodenştedtin Şərq dünyasını dərk etmək arzusu Mirzə Şəfiyə ləzzət verirdi. Buna görə də o, səmimi bir şəkildə özünün "Hikmət açarı" adlandırdığı kitabını qonağa hədiyyə verir. "Bu dəftərçə bizim müəllimimizin bütün dünyaduyumunu özündə əks etdirirdi." Bodenştedtin xatirələrində həmin kitab haqda belə deyilir. Kitabın girişində şair ön söz verir. Sonralar Bodenştedt həmin ön sözü alman dilinə tərcümədə çap edəcəkdi. Burada deyilirdi: "Mərhəmətli və rəhmdil Allahın adı ilə başlayıram. Yerin və göyün yaradanına həmd və səna olsun ki, biz bu kitabın həqiqi mahiyyətini və təbiətini açırıq. Dostumuz və tələbəmiz Bustan əfəndinin (allah onun ömrünü uzun eləsin) təkidi ilə Mirzə Şəfi (allah onun dolanışığını firavan eləsin) bu kitabda idrak və hikmət qaynağı olan qəsidə, qəzəl, müqəttəat, məsnəviyyat və rübaiyyatını yazıb topladı. Qoy ağılsızlar oradan ağıl, müdriklər isə həzz alsınlar. Bu topluda məhəbbət nəğmələri, gözəllik və xeyirxahlıq sevinci, həmçinin bütün pis və mənfur şeylərin lənətlənməsinə dair şərqilər yığılıb. Buradakı hikmət toxumları bilik yanğısından yaranmış tarlada səpilmək və anlayış şırımlarına atılmaqdan ötrü nəzərdə tutulmayıb. Buradakı mahnılar o adamlar üçün yaranmayıb ki, poeziya və natiqlik sənətinin arasında qızıl ortanı tapmaq istəyirlər, o adamlar üçündür ki, öz atlarının başını sözlü-söhbətli yollarda boşuna buraxırlar."

1845-ci ildə Bodenştedt Almaniyaya qayıdır və Tiflisdə keçirdiyi illərin yekunu kimi "Şərqdə 1001 gün" adlı kitab yazır. O, Mirzə Şəfi Vazehdən tərcümə etdiyi şerləri də həmin kitaba salır. Bodenştedt o zaman hələ tam səmimi bir tərzdə Mirzə Şəfiyə müraciət edirdi:

"Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu, bizə vəd etdiklərinin hamısı həyata keçdi. Sənin nəğmələrin bizim qız-gəlinlərimizin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi. Mənə bağışladığın çiçəklərdən çələnglər hördüm, qarşımda səpdiyin mirvariləri sənin şərəfinə sapa düzdüm, insanlara sevinc bəxş etdim."

Bu kitabda Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, hər bir şerin nəinki Mirzə Şəfi də daxil olmaqla müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli şagirdin səyləri sayəsində bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən biri ilə tanış olur.

Bodenştedt əvvəllər də ədəbi fəaliyyətlə və tərcümə ilə məşğul olmuşdu, lakin heç zaman belə tanınmamışdı. Onu yalnız ədiblərin dar dairəsində tanıyırdılar. Və birdən hətta müəllifin gözləmədiyi bir şəkildə kitab görünməmiş bir uğur qazanır. Sevincindən uçmağa qanad tapmayan Bodenştedt naşirinin təklifi ilə kitabı təkrarən nəşr etdirmək fikrinə düşür. Daha doğrusu, yeni bir kitab – "Mirzə Şəfinin nəğmələri" kitabı yaranır ki, bu da Bodenştedtə şöhrət gətirir. "Nəğmələr"in müəllifi və tərcüməçisi cəmi bir neçə ilin içərisində bütün dünyada ad-san qazanırlar. Kitab fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunur. "Nəğmələr"dən bir neçəsini hətta qədim yəhudi dilinə tərcümə edirlər. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə nəşr olunur. Həmin ölkədə bu kitabın uğuru o qədər böyük idi ki, bəzən kitabı bir ildə bir neçə dəfə təkrar nəşr etmək lazım gəlirdi. Belə ki, 1868-ci ildə kitab 6 dəfə, 1876-cı ildə isə 12 dəfə nəşr olunmuşdu. Məşhur şair haqqında hətta "Die lideq des Miqza Sshaffu" adlı operetta da yazılır ki, onun da premyerası 1887-ci ildə olur. Bircə Ömər Xəyyamın Fiscerald tərəfindən edilmiş gözəl tərcümələrini istisna etsək, belə gözlənilməz və geniş şöhrət gətirən heç bir tərcümə əsərinin adını çəkmək mümkün deyil.

Yaradıcılığı


"Nəğmələr"in rus dilinə tərcümələrindən danışanda demək lazımdır ki, bunlar bədii səviyyəsi etibarilə müxtəlif idi. Bunların ikisini xüsusilə qeyd etmək lazımdır. Züleyxa haqda məşhur şeri S. Y. Nadson çevirmişdi:

Ni anqelov siyayuşix v lazurnıx nebesax,
Ni roz, blaqouxayuşix v zadumçivıx sadax
Ni neqi oslepitelnıx poludennıx luçey
Ya ne sravnyu s Zuleyxoyu krasavitsey moyey.


Yaradıcılığı


İkinci tərcümə isə Pyotr İliç Çaykovskiyə məxsusdur:

Klubitsya volnoyu kipuçeyu Kur
Vosxodit dnevnoye svetilo
Kak veselo serdtsu, duşe kak leqko
-O! Esli b naveki tak bılo,
O! Esli b naveki tak bılo!


Yaradıcılığı


Bu şerin alman dilinə tərcüməsinə A. Q.Rubinşteyn bizim günlərə qədər populyarlığını itirməyən məşhur bir romans bəstələmişdi. Həmin romans dahi rus müğəninsi F. İ. Şalyapinin ifasında dünya şöhrəti qazanmışdı.

Vazehlə əlaqədar anlaşılmazlıqlardan biri də budur ki, bir çox ölkələrdə "Mirzə Şəfinin nəğmələri" fars dilindən tərcümələr kimi qələmə verilir. Halbuki Bodenştedtin özü Qafqaz səyahətinin təsviri zamanı həmin tərcümələrin türk dilindən (daha dəqiqi Azərbaycan türkcəsindən) çevrildiyini açıq-aydın göstərmişdir. Görünür, elə yuxarıda göstərilən səbəblər üzündən Rubinşteynin Mirzə Şəfinin sözlərinə bəstələdiyi 12 romansdan ibarət məşhur musiqi silsiləsi "Fars nəğmələri" adlandırılmışdır.

M. Rəfilinin yazdığına görə, oxucular Mirzə Şəfinin müəllifliyinə o qədər əmin olmuşdular ki, bir çoxları Bodenştedtə bu cazibədar nəğmələrin orijinallarını göstərmək xahişi ilə müraciət edirdilər. Bu və digər səbəblərə görə, Bodenştedtdə müvəffəqiyyətdən baş gicəllənməsi xəstəliyi yaranır. Belə ki, artıq Mirzə Şəfinin və onun müasirlərindən bir çoxlarının dünyasını dəyişməsindən sonra, o, 1874-cü ildə Mirzə Şəfinin irsindən. Fridrix Bodenştedtin proloqu, əlavələri və izahları ilə adlandırdığı növbəti nəşrdə özü-özünü guya ifşa edir. O bəyan edir ki, indiyə qədər Mirzə Şəfidən tərcümələr kimi verilən nəğmələr kitabının iki nəşrində çap olunmuş şerlərin hamısı bir müəllifin qələminə məxsusdur -onun, Fridrix Bodenştedtin! Guya müəllif şərqli obrazına o qədər yaxınlaşıb ki, öz şerlərini belə Mirzə Şəfi adı ilə imzalayıb. Onu kinayə ilə "Hannoverli türk, yaxud da Gəncəli alman" adlandırıblar. Əlbət ki, həqiqətdən xəbərsiz alman və qərbi Avropa ədəbiyyatşünaslığı Bodeiştedtin bu bəyanatını qeyd-şərtsiz qəbul edir. Bir çox tədqiqatçılar hətta Mirzə Şəfi adlı bir şəxsiyyətin varlığını da şübhə altına alır. Belə ki, Bodenştedtin ölümündən sonra onun arxivində Mirzə Şəfinin "Divan"ı da tapılmamışdı. Əlbəttə, bu mübahisəli məsələnin üzərinə Mirzə Şəfinin şerləri yazılmış həmin dəftər işıq sala bilərdi. Lakin onun da alman dəqiqliyi ilə "itirilməsi" çox şeydən xəbər verir.

Mirzə Şəfinin qələminə məxsus şerləri Zaqafqaziya müftüsi, Molla Hüseyn Əfəndi Qayıbov toplamış və ilk dəfə olaraq özünün dörd cildlik Azərbaycan poeziya antalogiyası kitabında çap etdirmişdir. 1889-cu ildə Bodenştedtin yubileyi şərəfinə Leypsiqdə litvalı ədəbiyyatşünas poliqlot Yurgis Yulius Zauerveynasın "Mirzə Şəfinin Şərq-Qərb Divanı" adlı kitabı çap olunur. Müəllif öz kitabını Azərbaycan, rus, fars, sanskrit, çin, fransız, ingilis, italyan, latın, polyak, qədim alman, Danimarka, yunan, rumın, macar, ərəb, litva, İsveç və başqa dillərdə yazdığı təbriklərdən tərtib etmişdir. Birinci şer Azərbaycan türkcəsində yazılmış və Bodenştedtin mürşidi kimi Mirzə Şəfinin tərənnümünə həsr olunmuşdur.

Xanənin dərvazasında budur odlu izdiham
Litvalılar, polşalılar göndərər sənə salam.
Hər qəbilələr, millətlər sevər bu şairi
Ki, təmam aləmdə məşhurdur, şair əlməram
Azarbaycan, həm Tiflis təbrik göndərir
Bu diyarın hamisi Mirzə Şəfidir tamam.
Mürşidin Mirzə Şəfi tatarca yaxşı söyləmiş
Mən muridin də yazaram bu səfi tatar kəlam.


Yaradıcılığı


Azərbaycan alimlərindən Salman Mümtaz, Mikayıl Rəfili, Ə. Seyidzadə və başqaları tərəfindən şairin tərcümeyi-halını damla-damla bərpa etmiş və onun Azərbaycan və fars dillərində yazdığı şerlərinin orijinallarını axtarıb tapmışlar. Onlar Mirzə Şəfinin nəğmələrini elə təhlil etmişlər ki, bu zəngin irsin şairin özünə məxsus olduğuna heç bir şübhə yeri qalmamışdır. Həmin kitabdan həmçinin Hafiz, Sədi, Füzuli kimi şərq klassiklərinə məxsus və eləcə də Bodenştedtin özünün "Mirzə Şəfi" imzası ilə yazdığı şerlər də tapılmışdır. Bu üsul alman tərcüməçisi üçün səciyyəvi hal sayılır. Belə ki, o, Lermontovun şerlərini də tərcümə edəndə 7 belə improvizasiyaya yol vermişdir. Ə. Seyidzadə həmçinin kitabda "parça-tikə" tərcümələr də müəyyən etmişdir. Bu hallarda Mirzə Şəfinin bir şerindən götürülmüş misralar "Nəğmələr" kitabındakı bir neçə şerə səpələnmişdir.

Tədqiqatçılar Mirzə Şəfinin Tiflis ədəbi mühitində məşhur bir şair olmasına dair başqa bir sübut da tapmışlar. Belə ki, hələ 1850-ci ildə, Bodenştedt "Nəğmələr" kitabını dərc etdirməzdən qabaq rus dilində çıxan "Oteçestvennıye zapiski" jurnalında şairin "Ustadım Hafizdir, məscidim meyxanə" misrası ilə başlanan şerinin tərcüməsi dərc olunmuşdur. Həmin şeri jurnalın Tiflis müxbiri şəhərdə məşhur olan Zalsmannın meyxanasında daimi sakin olan bir şəxsin dilindən yazıya almışdı. Həmin "mənbə Vazehi "Şərqin müasir Hafizi" adlandırmışdır. Gerçək bir şəxsiyyət kimi Mirzə Şəfinin şöhrəti Bodenştedtin özü tərəfindən də kitabın ilk nəşrində etiraf olunub: "Mirzə Şəfinin poetik müsabiqələr və ya digər təntənəli vaxtlarda qoşub oxuduğu bir çox nəğmələr tatar (azərbaycanlı) və gürcülərin arasında dildən-dilə düşərək, dolaşmaqdadır. Halbuki bu nəğmələri çoxusunu yazıya almaq onun heç ağlına da gəlməmişdir. Əgər Şərqdə bütün qəzəllərin sonunda müəllifin adının çəkilməsi adəti olmasaydı, heç bu nəğmələrin kimə məxsus olduğunu aydınlaşdırmaq da mümkün olmazdı."

Mirzə Şəfi 1852-ci ildə noyabr ayının 16-da Tiflisdə vəfat edib. Sağlığında unudulmuş və haqqı əlindən alınmış şair öləndən sonra da qarət olunur. Tiflisdəki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbristanlığı müharibədən sonra köçürülərkən onun həmvətənlərindən heçkim bu böyük şairin ruhunun incidilməsinə etirazını bildirmir.

Mirzə Şəfi irsinin tədqiqatı hələ də başa çatmayıb. Ancaq hazırda araşdırıcıların əlində o qədər fakt var ki, bunlar şairin dünya poeziyası tarixində tutduğu yeri onun tərcüməçisinin istedad və bacarığına, xidmətlərinə kölgə salmadan bərpa etmək üçün kifayətdir. dle




2014-2016 © Mirzə Şəfi Vazeh