AZ | EN     

 
Həyat yolu
 
Yaradıcılığı
 
Əsərləri
 
Kitablar
 
Fotoarxiv
 
Xəbərlər












 
Həyat yolu



Həyat yoluXalqımızın ictimai, mədəni fikri tarixində görkəmli yer tutan, dövrünün tanınmış mütəfəkkiri, istedadlı şairi və ilk Azərbaycan maarifçiliyinin əsas
simalarından olan Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazeh 1792-ci ildə Gəncədə, bənna ailəsində anadan olmuşdur. Cavad xanın sarayında memar işləyən atasını çox erkən itirən Mirzə Şəfi o vaxt Gəncədə yaşayan qabaqcıl fikirli Hacı Abdullanın himayəsində Gəncə mədrəsəsində təhsilini davam etdirirdi.
Mirzə Şəfinin müasiri olan alman şərqşünası A. Berje bu xüsusda yazmışdır: “Mirzə Şəfiyə hamilik edən Hacı Abdulla onda elmə və maarifə böyük həvəs olduğunu görüb, təhsilini davam etdirməkdə ona maddi yardım göstərməkdən belə çəkinmirdi. Gəncə mədrəsə müdərrisləri gənc Şəfini fikirlərində dini etiqada dair dəyişikliyi görüb ona dərs verməkdən imtina etdikdə o, mədrəsəni tərk etməyə məcbur olur. Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrət və mənfi münasibətin oyanması da məhz buradan başlayır.”
Mirzə Şəfi Gəncə mədrəsəsindən yarımçıq çıxdığı zaman ərəb və fars dillərini bilirdi.O şəxsi mütaliə yolu ilə Şərqin məşhur alim, mütəfəkkir və şairlərinin əsərlərini öyrənirdi. Xəyyam, Nizami, Sədi, Hafiz kimi klassiklərin əsərləri ilə yaxından tanış olurdu.
Mirzə Şəfi Hacı Abdullanın köməyi ilə Cavad xanın qızı Püstə xanımın kənd və mülklərini idarə etmək üçün mirzəlik vəzifəsinə təyin olunur. Onun Mirzə Şəfi adlanması da bu vəzifə ilə əlaqədar idi.
1826-cı ildə Rus-İran müharibəsi zamanı Püstə xanımın qardaşı Uğurlu xanla birlikdə İrana qaçması gənc Mirzə Şəfi Vazehin işsiz qalmasına səbəb olur. Bir tərəfdən mirzəlik vəzifəsini itirməsi,o biri tərəfdən hamisi Hacı Abdullanın ölümü onun maddi vəziyyətini ağırlaşdırır. Bir müddətdən sonra yəni əsrin 30-cu illəri Gəncədə Şah Abbas məscidi yanındakı mədrəsədə uşaqlara nəstəliq xətti ilə yazıb-oxumağı öyrədən Mirzə Şəfi artıq xalq arasında bir şair kimi də tanınır. Gözəl, xoşnəvis xəttat, yaxşı müəllim, dövrünün görkəmli şairi və mütəfəkkiri kimi şöhrət qazanan Mirzə Şəfi bu zaman Gəncədə İran mətbəələrində çap olunmaq üçün kitabların surətini hazırlayırdı. F.Bodenştedt müəllimi haqda “Şərqdə min bir gün” əsərində yazırdı;”Mirzə Şəfi, hər xırda şeydən ötəri hirslənən adam deyildi, o çox təmkinli və sakit adam idi. Çox danışmağı sevməzdi, bir söz demək istəsə fikrini aydın və qısa deyərdi. Səliqəliyi çox sevərdi”.
Dini etiqada laqeyd olan Mirzə Şəfi Gəncədə Mirzə Fətəliyə dərs verərkən tələbəsində yüksək zəka və yaradıcılıq qüvvəsi müşahidə edərək belə bir istedadın dini təhsilə sərf olunmasına heyfsilənmiş və şagirdini xeyirxah məsləhət və təlqinələri ilə bu yoldan uzaqlaşdırmağa çalışmışdır. Məhz buna görə də M.F.Axundovun Gəncədə Mirzə Şəfi Vazehlə görüşüb tanış olması və ondan dərs alması onun həyatının mühüm bir hadisəsi kimi tədqiqatçilar tərəfindən daima xatırlanır.
Mirzə Şəfinin təlqinələri gənc M.F.Axundovu qəflət yuxusundan ayıldaraq ona ruhani təhsilin puç və gərəksizliyini başa salıb ondan uzaqlaşdırır.
1840-cı ildə Mirzə Şəfi Gəncəni tərk edib, Tiflisə köçür və həmin ilin noyabrında keçmiş tələbəsi M. F. Axundovun köməyi ilə Tiflis qəza məktəbinə Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Şairin həyatının Tiflis dövrü zəngin hadisələrlə dolu olduğu kimi, yaradıcılığının da ən məhsuldar illəridir. Mirzə Şəfi burada azərbaycanlı, rus, gürcü və xarici ölkə ziyalıları ilə dost və tanış olmuşdur.
1844-cü ildə Mirzə Şəfi tərəfindən Tiflisdə “Divani-Hikmət” adlı məclis təşkil olunmuşdur. Burada iştirak edənlərin çoxu Mirzə Şəfinin yaxın dostları və şagirdləri idi. Məclisdə yaxşı şeir yazmaq yarışı və ədəbi – fəlsəfi mübahisələr də gedirdi.
Məclis üzvləri arasında Almaniyanın Hannover şəhərindən Rusiyaya və oradan da Qafqazın baş hakimi general Neydqartın dəvəti ilə Tiflisə gəlib, burada müəllimlik edən Fridrix Fon Bodenştedt də var idi. O, Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənirdi.
Az keçmir bu tanışlıq böyük dostluğa çevrilir. F. Bodenştedt Mirzə Şəfidən Şərq klassiklərinin əsərlərini öyrənir, Mirzə Şəfi isə ondan Avropa klassiklərinin əsərləri ilə tanış olurdu. Bundan əlavə şair dərs keçdiyi zaman öz şeirlərini F. Bodenştedtə yazdırmış, sonra isə əlyazması halında olan bütün şeir məcmuəsini də ona hədiyyə vermişdir.
1846-cı ilin aprelində Fridrix Martin Fon Bodenştedt Tiflisdən vətəni Almaniyaya qayıdır. O, 1850-ci ildə Berlində “Dekker” nəşriyyatı tərəfindən “Şərqdə min bir gün” adlı ikicildlik əsərini çap etdirir. F. Bodenştedt həmin əsərində “Gəncənin müdrik adamı” ilə tanışlığını, həmçinin kitabın və ona bağışlanmış şeirlərin tərcümələrinin tarixini ətraflı nəql edir. O, yazır: “Bu kitabda məhəbbət, sevinc və şərab haqqında, təsəlli və təqdir: gözəl və nəcib varlıqların şərəfinə yazılmış nəğmələr toplanmışdır”. Az bir müddət içində F. Bodenştedtin Mirzə Şəfidən etdiyi şeirlər oxucuların diqqətini özünə cəlb etdi.
Həyat yolu“Şərqdə min bir gün” əsərindən sonra F. Bodenştedt müəllimi Mirzə Şəfinin şeirlərini 1851-ci ildə Berlində alman dilində kiçik bir kitab şəklində “Mirzə Şəfinin nəğmələri” adı ilə nəşr etdirir. Kitabça Almaniyada sürətlə yayılır, müəllifinə böyük şöhrət qazandırır. Az sonra Mirzə Şəfinin əsərləri Qərbi Avropanın başqa ölkələrinə də geniş yayılır. Alman dilindən başqa, ingilis, fransız, italyan, Norveç, holland, Danimarka, polyak, çex, bolqar, hətta qədim yəhudi dilinə də tərcümə olunub nəşr edilir.
1853-cü ildə Brokhaus və Yefron Ensiklopedik lüğətində “Nəğmələr”in nəşrindən iki il sonra “Mirzə Şəfi” adlı məqalədə Mirzə Şəfi məşhur bir şair kimi verilir. Onun Qarabağ mahalının Gəncə şəhərindən olduğu xatırlanır. F. Bodenştedtin onun əsərlərini sərbəst şəkildə alman dilinə böyük sənətkarlıqla tərcümə edib, “Mirzə Şəfinin nəğmələri” adı altında çap etdirdiyi göstərilir.
“Mirzə Şəfi nəğmələri” kitabının naşiri öz xatirələr kitabında Mirzə Şəfi nəğmələrinin motivləri əsasında yazılmış bir neçə aktual, siyasi parodiyalar misal gətirir. O, həmçinin, Fridrix Bodenştedtin Visabaden məktublarından bir parça verir. Bu parçada ∕ söz gəlişi ∕ qeyd olunur: “Roza meyxanasının yerli sahibi “Mirzə Şəfi” adlanan tort düzəltdirmişdir. Bu tortu tələb edənlərin sayı misli görünməmiş surətlə artmışdır”.
Avropada “Mirzə Şəfi nəğmələri” məşhur bəstəkarların da diqqətini özünə cəlb etmişdir. Bəstəkarlardan F. List, Q. Meyerber, E. Qriq, K. Levi, İ. Brams, K. Şimanovski, L. Spor, Rusiyada A. Rubinşteyn və başqaları Mirzə Şəfi nəğmələrinə musiqi bəstələyirlər.
XIX əsr rus mədəniyyətinin qabaqcıl nümayəndələri Mirzə Şəfi yaradıcılığı ilə N. Çernışevskinin tələbəsi, dostu və məsləkdaşı, inqilabçı-demokrat M.L. Mixaylovun və N.İ. Eyfertin tərcümələri sayəsində tanış olmuşlar. Rusiyada yayılan bu nəğmələr böyük ədib L.N. Tolstoyun da diqqətini cəlb etmişdir. O, şair A. Fetə yazdığı bir məktubunda “Nəğmələri”- oxuduğunu və “Orada gözəl şeirlər vardır”- deyə Mirzə Şəfinin şərqilərilə maraqlandığını bildirmişdi. Şərqilərin sürətlə yayılması barəsində alman ədəbiyyatşünası O. Burger yazır: “... 1849-50-ci illərdə F. Bodenştedtin “Şərqdə min bir gün” əsərində Şərq poeziyasından verilən şeirlər o qədər gözəl səsləndi ki, onlar ayrıca kitabça halında 1917-ci ilə qədər 264 dəfə çap olunmuşdu”.
Ədəbiyyatşünas D. Balke özünün “Şərq və Şərq ədəbiyyatı” məqaləsində, Mirzə Şəfi nəğmələrinin 300 dəfə çap olunduğunu və kitab satışında görünməmiş müvəffəqiyyət qazandığını göstərir. Bu müvəffəqiyyəti görən F. Bodenştedt 1874-cü ildə “Mirzə Şəfinin irsindən qalan şeirlər” adlı ikinci bir kitab nəşr etdirir. Kitabın girişində Mirzə Şəfinin adı ilə bağlı olan şeirlərin özününkü olduğunu yazır. Bununla da Mirzə Şəfinin ədəbi irsinə kölgə salmışdır.
XIX əsr Azərbaycan klassik şairi M.Ş.Vazehin ədəbi irsini və “Nəğmələr”in müəllifinin kim olduğunu dəqiq müəyyənləşdirmək sovet alimlərinin qarşısında duran mühüm vəzifələrdən biridir.
M.F.Axundov adına respublika dövlət kitabxanası işçilərinin Mirzə Şəfi və F. Bodenştedt münasibətlərinə elmi və dövri mətbuatlarda müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə söylənilmiş fikirlərin və aparılmış tədqiqatların məxəzlərini sistemləşdirmək, eləcə də şairin əsərlərinin nəşri tarixini dəqiqləşdirmək sahəsində tərtib etdikləri biblioqrafiya vəsaiti təqdirəlayiq bir işdir.
Bu vəsait, gələcəkdə aparılan məqsədəyönümlü olmasını asanlaşdırar, ədiblərimizin Mirzə Şəfi Vazehin canlı portretini bədii ədəbiyyatda, rəssamlıq aləmində yaratmaqda yaxından kömək edər. dle




2014-2016 © Mirzə Şəfi Vazeh